Son yüklər
Boş nəqliyyat vasitələri
Brokerlik
Depo
Yüklənir...
İş axtaranlar
İş təklif edənlər
Digər elanlar
İstifadəçilər : 160 nəfər
Elanlar : 302
1 USD0,8031
1 EUR1,1945
1 RUR0,0277
Nəqliyyat sektorunun inkşafından...

Razıyam
Narazıyam
Yerimizdə sayırıq
Mənə maraqlı deyil!


Nəqliyyat sahəsi terminləri


Avtonəqliyyat vasitəsi - sərnişin, yük və ya xüsusi avadanlığın avtomobil yolları ilə daşınması üçün nəzərdə tutulmuş mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (bir və ya bir neçə nəqliyyat vasitəsindən ibarət);
Avtomobil nəqliyyatı - avtonəqliyyat vasitələrindən və avtomobil nəqliyyatının infrastrukturundan istifadə edilməklə, sərnişin və yük daşımalarının yerinə yetirildiyi nəqliyyat növü;
Avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı - özünün və ya sifarişçinin adından sərnişinlərin və ya yüklərin daşınması, həmçinin avtomobil nəqliyyatı ilə daşımaların təşkili ilə əlaqədar müqavilələr bağlayan hüquqi və ya fiziki şəxs;
Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar;
Avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar - hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır;
Avtomobil nəqliyyatının infrastrukturu - avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün istifadə olunan avtomobil yolları, avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil duracaqları, terminallar və digər qurğular, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları, yanacaqdoldurma məntəqələri;
Avtobus - sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi;
Baqaj - daşınmaq üçün qablaşdırılmış, sərnişin tərəfindən avtonəqliyyat vasitəsilə göndərilən və ya səfər boyu müşayiət edilən, qabariti, çəkisi və xüsusiyyətindən asılı olaraq daşınmasına icazə verilən yük;
Daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxs və ya fərdi sahibkar;
Əl yükü - sərnişinə məxsus və öz xüsusiyyətlərinə, ölçülərinə, çəkisinə görə sərnişin avtonəqliyyat vasitəsinin salonunda daşınmasına icazə verilən əşyalar;
Gediş sənədi (bilet) - sərnişinin avtobusda gediş hüququnu, sərnişin və daşıyıcı arasında daşınma müqaviləsinin bağlanmasını təsdiq edən və müəyyən edilmiş formada rəsmiləşdirilən sənəd;
Sərnişin avtonəqliyyat vasitəsi - konstruksiyasına və təchiz edilmiş avadanlığına görə insanların və baqajın daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi;
Sərnişin - avtonəqliyyat vasitəsində gediş hüququ verən sənəd (bilet) və ya digər qanuni əsaslarla daşınan fiziki şəxs;
Sərnişin daşınması - sərnişinlərin avtonəqliyyat vasitəsilə yoladüşmə məntəqəsindən təyinat məntəqəsinə çatdırılması;
Sifariş - avtomobil nəqliyyatı ilə sərnişin və ya yük daşımalarının sifarişçisi ilə daşıyıcı arasında münasibətləri tənzimləyən müqavilə;
Sifarişçi - sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi barədə müvafiq qaydada müqavilə bağlamış orqan, yaxud onun tərəfindən təyin edilmiş səlahiyyətli hüquqi şəxs, habelə sərnişin və ya yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxs;
Sürücü - avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan, daşımalar prosesində birbaşa iştirak edən, habelə müvafiq hallarda daşıyıcını təmsil edən şəxs;
Taksi minik avtomobili - xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi;
Ümumi istifadədə olan avtomobil nəqliyyatı - tənzimlənən və ya elan edilmiş tariflər tətbiq edilməklə, müqavilə ilə razılaşdırılmış qiymətlər üzrə hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında yerinə yetirilən sərnişin və yük daşımalarında istifadə olunan nəqliyyat vasitəsi;
Yük - avtomobil daşıyıcısı tərəfindən təyinat məntəqəsinə çatdırılmaq üçün qəbul edilmiş əmtəə və ya qeyri-əmtəə təyinatlı mal;
Yük avtonəqliyyat vasitəsi - konstruksiyasına və təchiz edilmiş avadanlığına görə yük daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi;
Yükgöndərən - adından yük göndərilməsi rəsmiləşdirilən hüquqi və ya fiziki şəxs;
Yükalan - avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə və ya digər müvafiq sənədlərə əsasən yükü almaq səlahiyyəti olan hüquqi və ya fiziki şəxs.
Qeyri-ictimai nəqliyyat - öz müəssisəsinin yük və sərnişinlərinin daşınmasını həyata keçirən nəqliyyatdır.
Sərnişin daşınmasını xarakterizə etmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir: daşınmış sərnişinlər, sərnişin dövriyyəsi, bir sərnişinin orta daşınma məsafəsi, sərnişin daşınmalarının sıxlığı.
Bir sərnişinin orta daşınma məsafəsi – sərnişin-kilometrlə ifadə olunan sərnişin dövriyyəsinin daşınmış sərnişinlərin sayına bölünməsi yolu ilə hesablanır.
Sərnişin daşınmalarının sıxlığı müəyyən vaxt ərzində təyin edilmiş məntəqəyə daşınan sərnişinlərin sayını ifadə edir.
Sərnişin axını göndərilmə məntəqəsindən təyinat məntəqəsinə müəyyən edilmiş marşrutla daşınmış sərnişinlərin sayıdır. Sərnişin axını göstəricisi yolun ayrı-ayrı hissələrində nəqliyyat vasitələrinin hərəkəti intensivliyini göstərir. Sərnişin axınına dair müayinənin nəticələrinin təhlili əhalinin sərnişin nəqliyyatı xidmətlərinə tələbatını, nəqliyyat vasitələrinin hərəkət qrafikini və optimal marşrutların sayının təyin edilməsi və s. məsələləri həll etməyə imkan verir.
Əhalinin hərəkət əmsalı müəyyən dövr ərzində (adətən il hesab olunur) bir sakinin orta hesabla neçə dəfə daşınmasını ifadə edir. Yaşayış məntəqəsi üzrə göndərilən sərnişinlərin ümumi sayının həmin yaşayış məntəqəsində yaşayan əhalinin ümumi sayına bölünməsi yolu ilə hesablanır.
Sərnişinlərin göndərilməsi sərnişinlərin daşınması üzrə yerinə yetirilmiş işlərin həcmidir.
Sərnişinlərin daşınması şəhərətrafı, yerli və birbaşa əlaqə şəklində olur.
Şəhərətrafı əlaqə - şəhərətrafı tariflərlə ödənilən şəhərətrafı məntəqələrə sərnişinlərin daşınmasıdır.
Yerli əlaqə - bir dəmir yolu xəttinin stansiyaları arasında sərnişinlərin daşınmasıdır.
Birbaşa əlaqə - iki və daha artıq dəmir yolu stansiyaları arasında daşınmalardır.
Avtobuslarla sərnişin daşınması - istismarda olan marşrut avtobusları ilə yerinə yetirilmiş, sifarişlə işləyən marşrut taksi və avtobusları ilə sərnişinlərin daşınmasının yekun həcmidir.
Avtobusla sərnişinlərin daşınması əlaqə növlərinə görə: şəhərdaxili, şəhərətrafı, şəhərlərarası və beynəlxalq formalarda olur.
Şəhərdaxili əlaqə - şəhərin sərhədləri hüdudlarında marşrutlarla daşınmalardır.
Şəhərətrafı əlaqə - şəhərdən 50 km məsafəyə qədər aralı və şəhər sərhəddindən kənarda olan yaşayış məntəqələrinə daşınmalardır.
Şəhərlərarası əlaqə - şəhər hüdudlarından 50 km-dən artıq məsafədə olan yaşayış məntəqələrinə daşınmalardır.
Beynəlxalq əlaqə - ölkə ilə digər xarici ölkələr arasında olan daşınmalardır.
Avtobusların sərnişin dövriyyəsi – daşınan sərnişinlərin sayının bir sərnişinin orta daşınma məsafəsinə vurulması yolu ilə hesablanır.
Nəqliyyat sektorunda yük daşınması - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, əsas fəaliyyəti nəqliyyat işi olan hüquqi şəxslər-müəssisələr və hüquqi şəxs yaratmadan avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən kommersiya məqsədilə daşınmış yüklərin həcmidir.
Qeyri-nəqliyyat sektorunda yük daşınması – nəqliyyat sektoru istisna olmaqla iqtisadiyyatın digər sahələrində (sənaye, kənd təsərrüfatı və s.) fəaliyyət göstərən müəssisələrin nəqliyyat vasitələri ilə qazanc əldə etmədən öz daxili ehtiyacları üçün daşıdıqları yüklərin həcmidir.
Dəmir yolu nəqliyyatı ilə yük daşınması – istiqamətindən asılı olmayaraq, təsərrüfat daşımaları da daxil edilməklə dəmir yolu vasitəsilə işçi parkının bütün növlərindən olan vaqonlarla yola salınmış, gətirilmiş və ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmidir. Nəqliyyat sektorunda dəmir yolu ilə yük daşınması - əsas fəaliyyəti dəmir yolu ilə yük daşınması olan müəssisələrin fəaliyyətini göstərir. Qeyri-nəqliyyat sektorunda yük daşınması isə iqtisadiyyatın digər sahələrinin (sənaye, tikinti və s.) müəssisələri tərəfindən müəssisənin balansında olan və ya ümumi istifadədə olmayan dəmir yolları vasitəsilə öz daxili ehtiyaclarını ödəmək üçün daşıdığı yüklərin həcmini göstərir.
Dəniz nəqliyyatında yük daşınması - dəniz gəmiçiliyi müəssisələrinin özünə məxsus, mülkiyyətindən asılı olmayaraq, digər gəmiçilikdən və ya hər hansı müəssisədən icarəyə götürülmüş gəmilərlə, bütün növlərdən olan üzgü vasitələri ilə yola salınmış və gətirilmiş yüklərin miqdarı ilə ölçülür (qiymətləndirilir) və bütün reyslər üzrə göndərilmiş və gətirilmiş yüklərin cəmi hesab olunur. Daşınmış yüklərin həcmi yükdaşıma sənədlərinə müvafiq müəyyənləşdirilir. Göndərilən yüklərin həcmi yüklərin yüklənmə anından asılı olmayaraq gəminin limandan reysə çıxdığı ana, gətirilən yükün həcmi isə limana daxil olmuş və təhvil verilmiş yükün faktiki miqdarına görə müəyyənləşdirilir. Yük sənədlərində çəkisi göstərilməyən, ədədlə və s. göstərilən yüklər gəmiçiliyin müvafiq preyskurantları əsasında, müvafiq əmsallarla hesablanır. Yük daşınması üçün quraşdırılmış və daşıma sənədlərində əks olunmuş avadanlıqların çəkisi daşınmış yüklərin ümumi həcminə daxildir. Daşınmış yüklərin həcminə bir liman daxilində hərəkət etməklə, yükdaşıma sənədlərində göstərilməyən, əsas fəaliyyətə kömək, əlavə və ya xidmət-yardımçı məqsədilə həyata keçirilən daşımalar; limanlarda yükləmə-boşaltma işləri həyata keçirilərkən, gəmidən sahilə və ya əksinə sahildən gəmiyə daşımalar daxil edilmir.
Avtomobil nəqliyyatı ilə yük daşınması - yük avtomobilləri, pikaplar, minik furqonları və avtoqoşqular vasitəsilə daşınan yüklərin həcmini göstərir. Nəqliyyat sektorunda bu nəqliyyat növü ilə yük daşınmasını əsas fəaliyyəti avtomobil nəqliyyatı olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan bu sahədə kommersiya məqsədilə yük daşıyan fiziki şəxslər həyata keçirir. Fiziki şəxslərin nəqliyyat fəaliyyəti keçirilmiş seçmə müayinənin nəticələrinə əsasən müəyyən edilir. Qeyri-nəqliyyat sektorunda avtomobil nəqliyyatı ilə yük daşınması dedikdə, qeyri-nəqliyyat müəssisələrinin (sənaye, tikinti, kənd təsərrüfatı və s.) öz daxili ehtiyaclarını ödəmək məqsədilə daşıdıqları yüklərin həcmi başa düşülür.
Hava nəqliyyatı ilə yük daşınması – aviasiya nəqliyyatının təyyarə və vertolyotları ilə, bütün uçuş növlərində daxili və beynəlxalq əlaqə üzrə ölkənin xüsusi təyinatlı aviasiyası ilə daşınan bütün yükləri, poçt və pullu baqajları əhatə edir. Xüsusi ixtisaslaşdırılmış aviasiya vasitəsi ilə daşınmış yüklərə təyyarələrin uçuş təyinatı üzrə tapşırığı yerinə yetirmək uçün tələb olunan təchizatlar daxil edilmir.
Boru kəmərləri – neft və qaz kəmərləri vasitəsilə daşınmalar magistral boru kəmərləri ilə nəql edilmiş neft və neft məhsullarının və qazın həcmini göstərir. Qeyri-nəqliyyat sektorunda boru kəmərləri ilə yük daşınması dedikdə, əsas fəaliyyəti nəqliyyat olmayan müəssisələrin öz məhsullarının nəqli başa düşülür. Məsələn, neftin hasil edilməsi və onun satışı ilə məşğul olan sənaye müəssisəsinin neft məhsullarının bazara çıxarılması üçün öz magistral boru kəmərlərindən istifadə etməklə nəql etdiyi yükün həcmi qeyri-nəqliyyat sektorunda yük daşınması hesab olunur. Belə ki, bu proses müəssisənin boru kəmərlərindən yalnız öz daxili ehtiyacını ödəmək üçün yardımçı fəaliyyətini xarakterizə edir.
Nəqliyyat sektorunda yük dövriyyəsi göstəricisi - nəqliyyat müəssisələri və hüquqi şəxs yaratmadan avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslərin - fərdi sahibkarların nəqliyyat vasitələrinin daşıdığı yükün həcmini daşınmış məsafə ilə əlaqədə ton-kilometrlərlə ifadə edir. Bu göstərici hər bir reys üzrə daşınmış yükün tonla miqdarının daşınma məsafəsinə - kilo-metrlərə vurulması hasillərinin cəmi kimi hesablanr.
Qeyri-nəqliyyat sektorunda yük dövriyyəsi - qeyri-nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri tərəfindən daşınmış yüklərin tonla miqdarının daşınma məsafəsinə vurulması yolu ilə müəyyən edilir.
Dəmir yolu nəqliyyatında yük dövriyyəsi - daşınmış yükün tonla miqdarının hər bir yol həddində yükdaşınmasının ən qısa məsafəsinə vurulması yolu ilə hesablanır. Ölkə ərazisi üzrə yük dövriyyəsi onun ərazisindən keçən hər bir dəmir yolu xətti üzrə ayrılıqda hesablanır.
Dəniz nəqliyyatında yük dövriyyəsi gəmiçilik müəssisəsinin özünə məxsus olan və ya başqa gəmi sahiblərindən icarəyə götürülmüş gəmilərdə daşınmış yükün tonla çəkisinin yükün göndərildiyi (gətirildiyi) limanla təyinat limanı arasında dəniz mili ilə ölçülən ən qısa məsafəyə vurulmasından əldə edilən hasillərin cəmi kimi hesablanır. Yükün göndərildiyi (gətirildiyi) limanla təyinat limanı arasında məsafə hesablanarkən gəminin aralıq limanlara girişi də nəzərə alınır. Dəniz nəqliyyatında mil (qısaldılmış milli şərti işarəsi “d mil”, beynəlxalq şərti işarəsi “n mile”) ölçü vahidi kimi istifadə olunur və şərti olaraq 1852 metrə bərabər götürülür.
Avtomobil nəqliyyatı ilə yük dövriyyəsi - avtomobil nəqliyyatı vasitəsinin hər birinin bir reysində daşınmış yükün miqdarının onun daşıdığı məsafənin uzunluğuna vurulması qaydasında hesablanır. Bu qayda əsasında hesablanmış ton-kilometrlər cəmlənir. Buna uyğun olaraq, yük avtomobillərinə və yaxud dartıcılara birləşdirilmiş avtoqoşqularla daşınmış yüklərin dövriyyəsi hesablanır.
Boru kəmərində yük dövriyyəsi - yerinə yetirilmiş ton (kub.metr)-kilometrlərin cəmidir. Bu göstərici faktiki nəql edilmiş yüklərin daşınma məsafəsinə vurulması yolu ilə müəyyən olunur. Ayrı-ayrı nəqletmə zamanı faktiki nəql edilmiş yüklərin onların daşınma məsafəsinə (nəqletmə məsafəsinə) vurulması və alınmış hasillərin cəmlənməsi yolu ilə tapılır.
Hava nəqliyyatında yük dövriyyəsi - hər bir reys üzrə daşınmış yükün tonunu (poçt və pulu ödənilən baqaj da daxil edilməklə) daşınmış məsafəyə (uçuş məsafəsinə) vurmaq və alınmış hasilləri cəmləmək yolu ilə hesablanır.
Nəqliyyat sektorunda sərnişin daşınması göstəricisi - ölkə ərazisində və beynəlxalq marşrutlarda bütün növlərdən olan qatarlar, gəmilər, avtobus, taksi, təyyarə və vertolyotlar, habelə tramvay, metro və trolleybuslar vasitəsi ilə kommersiya əsasında daşınmış sərnişinlərin sayını əhatə edir.
Sərnişin daşınmasının həcminə, gediş haqqını almaq üçün tətbiq edilən tarif dərəcəsindən asılı olmayaraq, ölkə daxilində və beynəlxalq xətlərdə daşınmış sərnişinlərin hamısı (pulsuz getmək hüququ olan sərnişinləri də daxil etmək şərti ilə) daxildir.
Dəmir yolu nəqliyyatında sərnişin daşınması - bütün stansiyalardan uzaq məsafələrə və şəhərətrafı xətlər üzrə daşınmış sərnişinlərin cəmi daxildir. Bu göstərici hesablanarkən ölkənin öz stansiyalarından yola salınmış, xarici ölkələrdən gəlmiş, habelə beynəlxalq marşrutlar üzrə bu ölkəyə tranzit yolu ilə gəlmiş sərnişinlərin hamısı nəzərə alınır.
Avtomobil nəqliyyatı ilə sərnişin daşınması - tətbiq edilən tarifdən asılı olmayaraq, avtobuslar və minik taksiləri vasitəsi ilə ölkə daxilində (şəhər nəqliyyatı da daxil olmaqla) və beynəlxalq marşrutlarda daşınmış sərnişinlərin sayı hesab edilir. Bu nəqliyyat növündə sərnişin daşınması nəqliyyat və qeyri-nəqliyyat sektorunda həyata keçirilir. Nəqliyyat sektorunda sərnişin daşınması dedikdə, əsas fəaliyyəti nəqliyyat işi olan nəqliyyat müəssisələrinin və bu sahədə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin-fərdi sahibkarların fəaliyyəti başa düşülür. Fiziki şəxslər tərəfindən sərnişin daşınması keçirilmiş seçmə müayinənin yekunları əsasında qiymətləndirilərək avtomobil nəqliyyatının işinin ümumi həcminə daxil edilmişdir.
Tramvay, trolleybus və metro nəqliyyatı ilə sərnişin daşınması - tramvay və trolleybuslar vasitəsi ilə daşınmış sərnişinlərin sayı satılmış biletlərin sayına (konduktor varsa) görə müəyyən olunur. Konduktor olmayan nəqliyyat növlərində isə abonent talonları və biletlərin pərakəndə satışından əldə olunmuş gəliri şəhər üçün müəyyən edilmiş vahid tarifə bölmək qaydasında hesablanaraq alınmış say hesab olunur.
Metropolitendə daşınmış sərnişinlərin sayı birdəfəlik gediş haqqını ödəmə jetonlarına əsasən platformaya keçmiş sərnişinlərin sayına görə hesablanır. Bu saya xidməti keçiddən keçmiş imtiyazlı sərnişinlərin sayı da əlavə edilir.
Tramvay, trolleybus və metro nəqliyyatında pulsuz getmək hüququndan istifadə etmiş sərnişinlərin sayını seçmə müayinənin məlumatları (məsələn, yarım ildə bir dəfə) əsasında və yaxud pulsuz gediş üçün verilmiş arayışların sayına əsasən müəyyən etmək olar.
Hava nəqliyyatında daşınmış sərnişinlərin sayı göstəricisinə tətbiq edilən tarifdən asılı olmayaraq, daxili və beynəlxalq hava xətləri, habelə bunlardan kənar xətlər üzrə bütün uçuş növlərində ölkənin nəqliyyat və sanitariya təyyarələri və vertolyotları vasitəsilə daşınmış bütün sərnişinlər (tranzit sərnişinlərin göndərilməsini çıxmaqla, sifarişli reyslərlə sərnişin daşınması daxil olmaqla) daxil edilir.
Dəniz nəqliyyatında sərnişin daşınması xarici və yerli əlaqə üzrə daşınma istiqamətindən asılı olmayaraq, daşınan bütün sərnişinlərin sayıdır. Daşınan sərnişinlərin sayına daxil edilir:
- satılmış bilet haqqında kassa hesabatına əsasən öz hesabına bilet almış sərnişinlər;
- gəmiçilik tərəfindən uçota alınmaqla, güzəştli gediş hüququna əsasən daşınan sərnişinlər;
- yüklərin müşayiət edilməsi (və ya sürücü kimi) məqsədilə gəmilərdə bilavasitə ayrıca gediş haqqı ödənilmiş (sərnişin üçün ödənilmiş məbləğ daşınan yükün məbləğinə daxil edilməmək şərtilə) sərnişinlər.
Əvvəlcədən bilet satılmış sərnişinlərin sayı gəminin yola düşmə tarixinə uçota alınır.
Nəqliyyat sektorunda sərnişin dövriyyəsi – sərnişindaşıma nəqliyyatının işinin həcmini məsafə ilə xarakterizə edir və sərnişin-kilometrlə ölçülür. Sərnişin dövriyyəsi daşınmış sərnişinlərin sayını onların daşınma məsafəsinə vurmaq və alınan hasilləri cəmləmək yolu ilə hesablanır.
Dəmir yolu nəqliyyatında sərnişin dövriyyəsi – hesabat dövrundə daşınmış sərnişinlərin sayını onların daşınmasının tarif məsafəsinə vurulması yolu ilə hesablanır. Ölkə ərazisində dəmir yolu nəqliyyatının sərnişin dövriyyəsi bu ölkənin ərazisindən keçən dəmir yollarının sərnişindaşınma dövriyyəsinin cəmi kimi hesablanır.
Avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsi – daxili və beynəlxalq xətlərdə daşınmış sərnişinlərin sayını onların daşınma məsafəsinə vurmaqla hesablanır. Bir sərnişinin orta daşınma məsafəsi keçirilmiş birdəfəlik seçmə müayinələrin yekunu əsasında müəyyən edilir. Minik taksilərində sərnişin dövriyyəsi avtomobilin yüklü yürüşünü bir reys üzrə orta hesabla (2 sərnişinə bərabər götürülür) daşınmış sərnişinlərin sayına vurmaq və alınan hasilləri toplamaq yolu ilə hesablanır.
Tramvay, trolleybus və metro nəqliyyatında sərnişin dövriyyəsi – daşınmış sərnişinlərin sayını sərnişinin orta hesabla getdiyi məsafəyə vurulması yolu ilə hesablanır. Sərnişinin orta hesabla getdiyi məsafə bu şəhərin tramvay, trolleybus xətlərində və metropolitenində sərnişinlərin gedişinin müayinəsi (beş ildə bir dəfə) üzrə məlumatlara əsasən hesablanır.
Hava nəqliyyatında sərnişin dövriyyəsi – hesabat dövründə ölkənin aviasiya nəqliyyatının təyyarə və vertolyotları ilə daşınmış sərnişinlərin sayını sərnişinlərin daşınma məsafəsinə vurulması və vurma hasillərinin cəmlənməsi ilə müəyyən edilir.
Dəniz nəqliyyatında sərnişin dövriyyəsi - (sərnişin-mil) hər bir reys üzrə sərnişinlərin sayını onların daşındığı məsafəyə vurmaqla (bir mil 1.852 km-ə bərabərdir) hesablanır və alınmış nəticələr toplanır.
Yol xətlərinin uzunluğu - dəmir yolu, avtomobil, dəniz və s. yollar, habelə elektrik nəqliyyatı üçün xüsusi uyğunlaşdırılmış və təchiz edilmiş, üzərində müvafiq nəqliyyat vasitəsinin hərəkət etməsi üçün istifadə edilən yollar nəzərdə tutulur. Yol xəttinin uzunluğu nəqliyyat müəssisəsinin yol üçün texniki pasportlarının məlumatlarına əsasən müəyyən edilir. Nəqliyyat müəssisələrinin balansında olan əlaqə yolları nəqliyyat sektorunun (ümumi istifadədə olan) yollarına aiddir. Qeyri-nəqliyyat müəssisələrinə məxsus dəmir və avtomobil yolları qeyri-nəqliyyat sektorunun (ümumi istifadədə olmayan) yollarına aid edilir.
İstismar edilən dəmir yol xəttinin uzunluğu - ayrı-ayrı dəmir yol xətlərinin uzunluqlarının cəmi kimi hesablanır, ayrı-ayrı dəmir yol xətlərinin uzunluğu isə baş yol (əsas) xətti ilə stansiyalar arasında olan məsafə ilə müəyyən edilir. Qeyd olunanlar ümumi istifadədə olmayan dəmir yol xətti müəssisələrinə aid edilmir. Ümumi istifadədə olmayan dəmir yol xətti dedikdə, istismar edilən dəmir yol xəttinin “giriş yolunun sərhəddi” işarəsi ilə nişanlanmış yerdən başlayaraq dəmir yol xəttinin sonuna qədər olan və istifadə olunan hissə başa düşülür. Ümumi istifadədə olmayan dəmir yol xətti Dövlət Dəmir Yolunun balansında deyil, ayrı-ayrı müəssisələrin balansında olur. Bu yol müəssisələr və ümumi istifadədə olan dəmir yolu arasındadır və ayrı-ayrı təsərrüfatlara xidmət etməklə həmin təsərrüfatların yüklərinin ümümi istifadədə olan dəmir yolu vaqonlarına vurulması üçün nəzərdə tutulub. Ümumi istifadədə olan dəmir yolu şəbəkəsinə çıxışı olmayan yolların istismar edilən hissəsi müəssisələrin obyektlərinin son məntəqələri arasında olan yolların istiqamətlərinə əsasən müəyyən edilir. Elektrikləşdirilmiş dəmir yolları dedikdə, hərəkət etməsi üçün dartıcıların elektriklə təmin olunması üçün kompleks quraşdırılmış dəmir yol xətti başa düşülür.
Ümumi istifadədə olan avtomobil yollarının uzunluğu - ümumi istifadədə olan avtomobil yollarının uzunluğuna şəhərlərin küçələri və sənaye, tikinti, kənd təsərrüfatı və s. təşkilatlara məxsus olan yollardan başqa, ölkənin bütün yol şəbəkəsi daxil edilir. Təhkim edilmiş və fərdi yollara texnoloji, xüsusi və fərdi ehtiyaclar üçün müəssisə, birlik və təşkilatların, kəndli (fermer) təsərrüfatlarının, işgüzar adamların, birliklərin və s. təşkilatların istifadəsinə verilmiş yollar aiddir. Avtomobil yolları örtük şəraitinə görə bərk örtüklü və torpaq yollarına bölünür və əhəmiyyətinə görə dövlət əhəmiyyətli və yerli əhəmiyyətli yollar hesab olunur.
Trolleybus xətti - trolleybus nəqliyyatı vasitəsinin hərəkət etməsi üçün çəkilmiş elektrik xətləri (havada) nəzərdə tutulur. Trolleybus xətlərinin istismar uzunluğu qoşa xətt hesabı ilə hesablanır və trolleybusların marşrutu üzrə təyin edilmiş və geriyə dönmək üçün müəyyənləşdirilmiş hissə də əlavə edilir.
Tramvay yolları - tramvay nəqliyyatı vasitələrinin hərəkət etməsi və yalnız sərnişin daşınması üçün təchiz edilmiş relslər nəzərdə tutulur. Tramvay nəqliyyatında da geriyə dönmək üçün müəyyənləşdirilmiş hissə də əlavə edilir.
Magistral neft və neft məhsulları kəmərinin uzunluğu - neft və neft məhsulları axıtmaq üçün ölkənin ərazisindən keçən magistral kəmərin uzunluğuna görə hesablanır; birqat boru çəkilişinə görə kilometrlə ölçülür.
Magistral qaz kəmərinin uzunluğu - nasos stansiyasından ölkənin sənaye və paylaşdırıcı müəssisələrinə qaz göndərmək üçün nəzərdə tutulmuş ayrı-ayrı qaz kəmərlərinin uzunluqlarının cəmi kimi hesablanır. Bu məlumatlara məişət istehlakçılarına qaz göndərən paylaşdırıcı şəbəkələrin uzunluğu daxil edilmir; birqat boru çəkilişinə görə kilometrlə ölçülür.
Təyinatına görə dəmir yol nəqliyyatı vasitələrinin mövcudluğu - texniki vəziyyəti və yerləşdiyi yerdən (təmirdə, təmir növbəsində, icarədə, ezamiyyətdə, konservasiyada və s.) asılı olmayaraq, ilin sonuna mövcud olmuş nəqliyyat vasitələrinin siyahı sayını göstərir.
Öz təyinatı üzrə hərəkətedici heyətin vahidlərinin sayı - texniki vəziyyətindən və yerləşdiyi yerdən (təmirdə, təmiri gözləməkdə, ezamiyyətdə, konservasiyada və s.) asılı olmayaraq, ilin axırı vəziyyətinə nəqliyyat vasitələrinin siyahı sayını göstərir.
Yük avtomobillərinin mövcudluğu – uçota alınmış ümumi təyinatlı və müəyyən növ yüklərin daşınması üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış yük avtomobilləridir (özüboşaldanlar, refrijeratorlar, sementdaşıyanlar, ağacdaşıyanlar, konteynerdaşıyanlar, borudaşıyanlar və s.). Yük avtomobillərinin bazasında olan qurulmuş xüsusi avtonəqliyyat vəsaiti olan yanacaqdolduran, yağdolduran, sisternli avtomobillər yük avtomobillərinin sayına daxil edilmir və xüsusi avtomobillər kimi uçota alınır.
Ticarət donanmasının dəniz yük gəmiləri - yüklərin daşınması üçün nəzərdə tutulmuş bütün növ dəniz gəmiləridir.
Avtobusların ümumi sayı - sürücü hesaba alınmadan, 8 nəfərdən çox adam yerləşdirmə qabiliyyətinə malik bütün sərnişin avtomobillərdir. Ümumi təyinatlı avtobus nəqliyyatına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün avtobuslar və mikroavtobus-taksilər aiddir.
Nəqliyyatda qəzalar – nəqliyyatın ayrı-ayrı növlərində baş vermiş nəqliyyat hadisələrinin sayını və onlarda yaralanan və ölənlərin sayını əks etdirir.
Ümumi təyinatlı dəmir yol nəqliyyatında baş vermiş nəqliyyat hadisələrinə hərəkət heyətinin toqquşması və hərəkət heyətinin relsdən çıxması aid edilir. Hərəkət heyətinin zədələnmə səviyyəsindən asılı olaraq nəqliyyat hadisələri aşağıdakı kimi təsnifləşdirilir: qəza, avariya və avariya halı. Qatarların qəza hadisəsinə qəza nəticəsində hərəkət heyətinin heç olmasa birinin sıradan çıxması (inventardan çıxarılması həddinə qədər zədələnməsi); qəza - hadisə nəticəsində hərəkət heyətinin heç olmasa bir vahidinin əsaslı təmir həcmində korlanması; qəza hadisəsi – hərəkət heyətinin heç olmasa bir vahidinin cari təmir səviyyəsində zədələnməsi aiddir. Nəqliyyat hadisəsi hərəkət heyətinin nə dərəcədə korlanmasından asılı olmayaraq, işdə korlanma kimi təsnifləşdırılır.
Avtomobil yolunda və ya küçədə yol nəqliyyat hadisəsinə - nəqliyyat vasitələrinin və onların hissələrinin hərəkəti zamanı insanların ölümü və ya yaralanması, nəqliyyat vasitələrinin, yüklərin sıradan çıxması halları ilə nəticələnən hadisələr daxildir.
Dəniz nəqliyyatında nəqliyyat hadisələrinə gəmilərin qəza hadisəsi, üzmə keyfiyyətinin itirilməsi və normal üzməyə əngəllər yaradan hadisələr daxildir. Qəza hadisələri aşağıdakı kimi təsnifləşdırılır: gəmilərin batması, qəza, qəza hadisəsi, istismara yararsız olma. Gəminin batmasına gəminin məhvi və ya yenidən qurulması məqsədəuyğun olmayan tam konstruktiv dağılması və yaxud da dartı gəmisinin itirilməsi; qəza – gəmi istehsalında buraxılmış səhvlərin istismar zamanı baş vermiş sıradan çıxma nəticəsində adamların ölümü ilə nəticələnən hadisədir; qəza hadisəsi - nəticədə korlanma əmələ gəlməsi, hərəkət avadanlıqları vasitələrinin, sahil qurğuları, yeraltı kabel və ya xətlərin sıradan çıxması, gəminin dayazlıqda 24 saat və daha artıq qalması kimi hallardır; istismara yararsız olma – qəza-xilasetmə əməliyyatı zamanı, buzlu sahələrdə üzmə zamanı gəminin sahil qurğularının, hərəkət avadanlıqlarının, sualtı kabel və ya boruların sıradan çıxması və gəminin 24 saatdan az müddətdə dayazlıqda dayanması kimi hallardır.
Hava gəmilərində hadisələr qəzalara və avariyalara bölünür. Qəza-avariya hadisəsi hava gəmisində olan sərnişinlərdən və heyət üzvlərindən (ekipajlardan) hər hansı birinin ölümü və soraqsız itməsi ilə nəticələnən hadisələrdir. Avariya insan ölümü ilə nəticələnməyən avariya hadisələridir.
Yükdaşıma tariflərinin indeksi hər bir nəqliyyat növünə görə yükdaşımalardan əldə olunan gəlirlər və fərdi tarif indeksləri əsasında hər bir nəqliyyat növü və ümumilikdə bütün nəqliyyat növü üzrə hesablanır. Konkret nəqliyyat növünə görə hər bir nəqliyyat növü üçün tariflərin indeksi hesabat və baza aylarında müşahidə anına təmsiledici-xidmətin tariflərinin nisbətinə uyğun olaraq müəyyənləşdirilir.
Müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması (avtomobil nəqliyyatı və xaricə üzən gəmi nəqliyyatı istisna olmaqla) - təmsiledici xidmətin müəyyən məsafəyə daha kütləvi yüksək tonla daşımalarıdr.
Avtomobil nəqliyyatı üzrə təmsiledici-xidmət təyin olunmuş məsafəyə daha yüksək tonlu daşımalar və yaxud da regionda yük avtonəqliyyatının işinin hansı formada ödənilməsindən asılı olaraq, daha geniş yayılmış yük avtomobili markasının işlənmə saatı da daxil edilə bilər. Gəmilərin xaricə üzmələri daşınmış yüklərin tonunun orta aylıq gəlirinin tarifi ilə müşahidə edilir.
Nəqliyyat sənədi - gömrük sərhədinə qədər (malların ixracı zamanı), gömrük sərhəddindən təyinat yerinə (malların idxalı zamanı), daşımalar üzrə müşayət sənədləri də daxil olmaqla malların beynəlxalq daşımalarını həyata keçirmək üçün uyğun sənəddir;
Malı göndərən - gömrük bəyannaməsinə təqdim olunmuş malları nəqliyyat sənədində göstərilən, alana çatdırılması üçün daşıma müqaviləsinə uyğun olaraq daşıyıcıya verən, və ya vermək istəyən, habelə, daşıyıcının xidmətlərindən istifadə etməyərək, alıcıya çatdıran hüquqi və ya fiziki şəxsdir.
Malı alan - nəqliyyat sənədinə müvafiq daşıyıcı tərəfindən, və ya göndərənin göstərişi əsasında gömrük sərhəddindən keçdikdən sonra, malların sərəncamına verildiyi nəqliyyat sənədində göstərilən huquqi və ya fiziki şəxsdir.
Maliyyə tənzimlənməsi üzrə məsul şəxs - ödənişli əsasda xarici-ticarət əməliyyatları üzrə müqavilələr ( alqı-satqı, konsiqnasiya müqavilələri, lizinq sazişləri və s. ) bağlayan və onlar üzrə hesabatlara məsul olan vətəndaşlardır.
Faktura dəyəri - ödənişli əsasda xarici-ticarət əməliyyatı şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan qiymətdir.
Yük avtomobillərinin sayına pikaplar (kiçik yük avtomobilləri) və minik furqonları daxil edilmir.
Şəxsi mülkiyyətdə olan avtomobillərin sayı Dövlət Yol Polisi orqanlarının məlumatlarına əsasən hesablanır.
İxtisaslaşdırılmış avtomobillərə daxildir: sanitar və yanğınsöndürmə avtomobilləri, avtokranlar, təcili tibbi yardım maşınları, qəza-texniki xidmət maşınları, rabitə təşkilatlarında poçt daşımaq üçün avtomobillər, kiçik partiyalı yükləri mərkəzləşdirilmiş qaydada daşımaq üçün müəssisə və təşkilatların avtomobilləri, cihazları kirayəyə verən məntəqələrə xidmət göstərən avtomobillər, inkassa (bank əməliyyatları) ehtiyacları üçün nəzərdə tutulmuş avtomobillər, habelə, bir qayda olaraq, stasionar avadanlıq quraşdırılmış sair avtomobillər.
(www.azstat.org)