
Dəyirmi masada Logistik mərkəzlərin yaradılması perspektivi müzakirə edilib.
Iyulun 7-də Nəqliyyat Nazirliyində Beynəlxalq Logistik mərkəzlərin yaradılması ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə prioritet layihələrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Tədbiri giriş sözü ilə açan Nəqliyyat nazirinin müavini Musa Pənahov Azərbaycanın yol-nəqliyyat kompleksində görülən işlərdən və tranzit potensialından danışıb, daşımalarda bütöv bir sistemin yaradılması, alıcı və satıcı arasında təkmil bir həlqə kimi Logistik mərkəzlərin rolunu yüksək qiymətləndirib.
“MDB-nin qərb hissəsi və Qafqaz ölkələri üçün Logistik mərkəzlərin layihəsi” çərçivəsində aparılan müzakirələrdə almaniyalı mütəxəssis tərəfindən təqdimat keçirilib.
Tədbirdə Nəqliyyat Nazirliyinin təmsilçiləri ilə yanaşı Xarici İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Dəmir Yolunun, Dəniz Administrasiyasının, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının, Asiya İnkişaf Bankının nümayəndələri də iştirak ediblər.