
9-10 iyun tarixində Türkiyənin İstanbul şəhərində Dəmir yolu vasitəsilə beynəlxalq yük daşımaları üzrə Hökumətlərarası Təşkilatının (OTİF), BMT-nin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) və Türkiyənin Dövlət Dəmir Yolunun birgə təşkilatçılığı ilə “Avropa və Asiya arasında dəmir yolu nəqliyyatı” mövzusunda seminar keçiriləcək.
Nəqliyyat Nazirliyinin və Azərbaycan Dövlət Dəmir Yolunun nümayəndələrinin də iştirak edəcəyi bu seminarda İƏT regionunda nəqliyyat təşəbbüsü, dəmir yolu ilə beynəlxalq yük və sərnişin daşımaları sahəsində qanunvericilik, dəmir yolunda lokomotiv və vaqonların maliyyələşdirilməsi yolları, sərhəd-keçidi prosedurlarının asanlaşdırılması və sair məsələlərə dair müzakirələr aparılacaqdır.
Seminarda Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Aydın Süleymanlının məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub. Bundan başqa, toplantıda Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin baş məsləhətçisi Azər Əliyev, Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini İqbal Hüseynov, Azərbaycan Dövlət Dəmir Yolunun “Daşıma proseslərini idarəetmə” Birliyinin yük və kommersiya işləri üzrə I müavini Teymur Məmmədov da iştirak edəcəklər.
Seminarın gedişində İƏT regionunda dəmir yolu vasitəsi ilə yük daşımaları ilə bağlı Azərbaycan adından “Trans-Avropa Dəmiryolu şəbəkəsinin vacib hissəsi kimi Bakı-Tbilisi-Qars dəmiryolu xətti” mövzusunda təqdimat keçiriləcək.