
Daewoo və Man markalı avtobusların təqdimatında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Bakı şəhərində nəqliyyat sisteminin inkişafının və səmərəli işinin təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə və eləcə də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı”na müvafiq olaraq Nəqliyyat Nazirliyi kompleks tədbirlər həyata keçirir. Indiyə qədər Bakıya 200 ədəd Daewoo markalı, 100 ədəd Çin və ABŞ birgə istehsalı olan avtobuslar, 40 ədəd MAN, 20 ədəd MAZ markalı avtobuslar gətirilib. Bundan əlavə, müxtəlif şirkətlər tərəfindən gətirilmiş 100-dən çox orta tutumlu avtobus sərnişinlərə xidmət edir. Yeni avtobusların marşrutlara buraxılması sərnişinlərə xidmətin səviyyəsini yüksəltməklə yanaşı, şəhərdə tıxacların aradan qaldırılmasına da kömək edir.
Oktyabrın 10-da daha 37 iri tutumlu yeni avtobusun təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də iştirak etdiyi mərasimdə 31 Daewoo və 6 MAN avtobusu təqdim edilib. Yeni avtobuslar beynəlxalq standartlara cavab verməklə paytaxt sakinlərinə yüksək səviyyəli xidmət göstərməyə qadirdir. Avtobuslar son günlər paytaxt küçələrində hərəkətinə məhdudiyyət qoyulan, texniki parametrlərinə görə olduqca aşağı səviyyədə olan xırda tutumlu avtobusların yerinə 4 istiqamətdə istismara buraxılacaq. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına əvvəlcə paytaxtda avtobusların yeni marşrut sxemləri barədə məlumat verib. Prezident İlham Əliyev yeni gətirilmiş avtobuslara baxıb, sərnişinlərə daha yaxşı, nümunəvi nəqliyyat xidməti göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. / www.mot.gov.az